Saray qəsəbəsində tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayit24.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Cavidan Türkiyənin Alanya Universitetində təhsil alıb. Hadisə günü o, dostu Yaqub ilə (ad, soyad şərtidir – red.) birlikdə Bakıdakı gecə klublarından birində əyləndikdən sonra məkanı tərk edib.
Cavidan spirtli içki qəbul etdiyindən avtomobili Yaqub idarə edib. Məhkəmə materiallarına əsasən, Yaqubun bundan əvvəl də bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və sürücülük hüququndan məhrum edildiyi məlum olub.
Saray qəsəbəsində hərəkətdə olarkən Yaqubun idarə etdiyi "Khazar" markalı avtomobil 1961-ci il təvəllüdlü Namiqin idarə etdiyi avtobusla toqquşub.
Qəza nəticəsində avtomobildə sərnişin olan Cavidan qapalı kəllə-beyin travması alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaquba 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əsmər Sənani