Sumqayıt Dövlət Universitetinin (SDU) müəllimləri təcrübə proqramına qatılıblar. Sumqayıt24 bu haqda 5 dekabr tarixində xəbər verir.
Azərbaycan-Türkiyə Təhsil İşçilərinin II Peşə-Təcrübə Proqramı “İslahatçı Gənclər” İctimai Birliyi, “Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “Peak Network”un təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilib.
Layihə çərçivəsində müəllimlər – Fizika və onun tədrisi metodikası kafedrasının dosenti Aynur Həşimova, eləcə də Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Xəyalə Muğamat İstanbul Aydın Universiteti, Haliç Universiteti və Üsküdar Universitetini, o cümlədən “Bil Məktəbləri”ni ziyarət ediblər.
Onlar İstanbul Aydın Universitetinin Qəyyumlar Şurasının sədri Mustafa Aydın, Üsküdar Universitetinin rektoru Nazifə Güngör və Haliç Universitetinin Baş katibi Burak Başkan ilə görüşüblər. Qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Daha sonra azərbaycanlı müəllimlər təhsildə texnoloji yeniliklər, süni intellekt, təhsil psixologiyası, sinfin və məktəbin idarəolunması mövzusunda təlimlərdə iştirak ediblər. Onlar türkiyəli həmkarlarını ölkəmizdəki təhsil islahatları haqda məlumatlandırıblar.
Sonda proqram iştirakçılarına beynəlxalq sertifikatlar verilib.