Sumqayıtda 30 saylı bağçanın işçilərinə bülleten pulları verilmir. Yaranmış problemlə bağlı İcra Hakimiyyətindən açıqlama verilib. Sumqayıt24 bu haqda Sputnik Azərbaycan-a istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən bağçanın koronavirusa yoluxmuş əməkdaşları, artıq 2 aydır ki pullarını ala bilmirlər. Həmin əməkdaşların sözlərinə görə, sentyabrda virusa yoluxan 2 nəfər pullarının 2 həftəsini alıblar, lakin sonuncu həftəsi onlara indiyədək ödənilməyib. Oktyabr ayında 6 işçi yoluxub, onlara isə ümumiyyətlə pul verilməyib.
Bu məsələ ilə bağlı bağçanın rəhbərliyindən olan Bəsirə Həsənova bildirib ki, bülleten pullarının ödənilməsi, bütün dövlət qurumlarında virusa yoluxmuş işcilərin sayı çox olması səbəbindən gecikir. Yoluxanların çox olması, bülletenlərin də çox olmasına gətirib çıxarıb. "Biz bütün sənədləri hazırlamışıq. Bu, maliyyə ilə bağlı məsələdir",- deyə, sonda Həsənova qeyd edib.
Həmçinin, açıqlama verən bağçanın mühasibi, yanvar ayında büdcəyə pul köçəcəyini və bülleten pullarının o zaman ödəniləcəyini vurğulayıb.
İcra Hakimiyyətinin Mühasibatlıq şöbəsindən isə bildirilib ki, bu il həmin bağçada çox sayda işçi koronavirusa yoluxub. Bülleten pulu isə maaşa bərabərdir, onu ödəmək üçün xeyli vəsait tələb olunur. Ona görə də, hələ ki bütün bülleten pullarını köçürmək mümkün olmayıb. Həmin pulları, işçilərə yanvar ayında verilməsi nəzərdə tutulur.