Azərbaycanda havanın çirklənməsi ekoloji problemlərlə yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükə yaradır. Sənaye müəssisələri, avtomobillərin çoxluğu və coğrafi amillər bəzi şəhər və rayonlarda vəziyyəti daha da ağırlaşdırır. Bəs ölkəmizdə hansı ərazilərin havası daha çox çirklənir və bunun əsas səbəbləri nələrdir?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda çirkli havası olan bir neçə şəhərin statistikasını çıxarıb:
Azərbaycanda atmosfer havasının çirklənməsi ciddi ekoloji problemlərdən biridir. Xüsusilə sənaye müəssisələrinin fəaliyyəti, avtomobillərin sayının artması, neft-qaz hasilatı, enerji istehsalı və müxtəlif təsərrüfat sahələrindən atmosferə atılan tullantılar bəzi şəhər və rayonlarda havanın keyfiyyətinə mənfi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) atmosfer havasının keyfiyyəti ilə bağlı müəyyən etdiyi normalar mövcuddur. Havada zərərli hissəciklərin miqdarı mikroqram/kubmetr ilə ölçülür. Hər kubmetr havada 10 mikroqramdan, 35 mikroqrama qədər olan zəhərli hava çirkli mühit hesab olunur.
Atmosferin çirklənməsinə səbəb olan mənbələr əsasən iki qrupa bölünür: stasionar və qeyri-stasionar mənbələr.
Stasionar mənbələrə zavodlar, fabriklər, istilik elektrik stansiyaları və digər sənaye müəssisələri daxildir. Qeyri-stasionar mənbələr isə əsasən avtomobillər, yük maşınları və digər nəqliyyat vasitələridir. Bu mənbələrdən atmosferə atılan zərərli maddələr havanın keyfiyyətini aşağı salır.
Sumqayıt və Bakı şəhərləri atmosfer havasının keyfiyyəti baxımından xüsusi diqqət tələb edir. Sumqayıtda sənaye müəssisələrinin fəaliyyəti, Bakıda isə həm sənaye, həm də nəqliyyat tullantıları əsas çirklənmə mənbələrindəndir.
Xəzər dənizi sahilində yerləşən bəzi ərazilərin dünya okeanı səviyyəsindən aşağı olması da yerli hava dövranına təsir göstərə bilən coğrafi amillərdəndir. Xüsusilə küləyin zəif olduğu və atmosferdə hava mübadiləsinin məhdudlaşdığı şəraitdə çirkləndirici maddələrin konsentrasiyası arta bilər.
Mənbə: Lent.az