Sumqayıtda şəhid İsmayıl Qasımovun adı övladının oxuduğu sinfə verilib. Bu haqda bu gün, 18 dekabr tarixində DünyaTv məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin 6a sinifi şəhidin adını daşıyacaq. Şəhidin ad günündə keçirilən tədbirdə şəhid oğlu Cəsur Qasımov atası haqda, onun şəhidliyə ucalmasından sinif yoldaşlarına danışıb.
“Müharibə başlayan zaman İsmayıl Qazaxıstanda olub. O, Bakıya gəlmək üçün günlərlə Azərbaycan səfirliyi önündə keçirib”,-deyə İsmayılın anası Mahirə xanım bildirib.
İsmayıl Vətən müharibəsinə könüllü olaraq qatılmışdır. O, Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 09.10.2020-ci ildə Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Vətən Uğrunda”, "Cəbrayılın və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Texniki və təbiət elmləri liseyində 6 şəhid övladı təhsil alır. Onların oxuduğu siniflərə atalarının adları verilib.