Qadının 30 il əlilliyə görə aldığı sosial ödəniş dayandırılıb. Sumqayıt24 bu barədə 22 sentyabr tarixində Xezerxeber.az-a istinadən xəbər verir.
Söhbət Sumqayıt sakini, 55 yaşlı Nailə Ağalarovadan gedir. Ona ürəyində olan problemə görə əlillik dərəcəsi verilib. 24 yaşından ötən ilə kimi aylıq 259 manat ödəniş alıb. Lakin son bir il ərzində ödənişi qəfil kəsilib.
Qadının aidiyyəti üzrə müraciətlərinə müsbət cavab verilməyib. Ona göndərilən bildirişdə göndərişin natamam doldurulduğu qeyd olunub.
“Dəfələrlə müraciət etmişəm. Xəstəxanalarda yatmışam. Dörd dəfə mənə imtina gəlib. Burada müayinə olan bir faiz yazılır, gedirəm Bakıda müayinə olunmağa başqa rəqəmlər göstərir”, - deyə vətəndaş əlavə edib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov açıqlama verib. Müəyyən olunub ki, vətəndaşın əsas diaqnozunun ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməyib. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib.
Nailə Ağalarova məsələ ilə bağlı digər qurumlara müraciət edəcəyini qeyd edib.