Sumqayıtda küçələrin birində ağacların kəsilərək yerində köşk quraşdırıldığı bildirilir.
Sumqayit24.az-a bu barədə sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, 13-cü mikrorayon Babək küçəsində bir neçə ağac kəsilib və onların yerində ticarət köşkü quraşdırılıb.
Sumqayit24.az məsələni dəqiqləşdirmək üçün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, adıçəkilən ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
"İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ərazidə 8 ağacın qanunsuz kəsildiyi və nəticədə təbiətə 5 100 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Eyni zamanda, ağacların kəsildiyi ərazidə metal köşkün yerləşdirildiyi müəyyən olunub. Köşkün götürülməsi və ərazidə yeni ağacların əkilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunub.
Köşk götürüldükdən sonra ərazidə yeni ağaclar əkiləcək və üzərinə identifikasiya lövhəsi vurulacaq", - deyə açıqlamada qeyd olunub.