Bu gün şəhid Nicat Qarazadənin dünyaya göz açdığı gündür.
Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. Ailəsi ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşıb. 2008-2019-cu illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı məktəbdə orta təhsil alıb. Subay idi.
Nicat Qarazadə 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərib. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçərək burada müddətdən artıq hərbi xidmət edən Nicat Qarazadə 2022-ci ilin martından Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi kimi iştirak edən Nicat Qarazadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək şəhid olub. Bir gün sonra nəşi yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə gətirilib və sonra II Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.