Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin tədqiqatçı mübadiləsi proqramı çərçivəsində SDU-da elmi staj keçən doktorantlarla görüşüb.
Sumqayit24.az xəbər verir ki, görüşdə beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların inkişafı və ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Elmi stajın əsas məqsədi doktorantların dissertasiya mövzuları üzrə tədqiqatlarının davam etdirilməsi, dövlət auditi və iqtisadiyyat sahələrində müasir elmi-metodoloji yanaşmaların mənimsənilməsi, eləcə də tədqiqat bacarıqlarının təkmilləşdirilməsidir. Staj müddətində elmi məsləhətləşmələrin aparılması, tədqiqat nəticələrinin təhlili və dissertasiya işlərinin hazırlanmasına metodoloji dəstəyin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin "Dövlət auditi" təhsil proqramının doktorantları Toleqen Baxçanulı Mukuşeva və Aliyə Ramazanovna Mukuşeva Sumqayıt Dövlət Universitetində elmi staj keçirlər. Onların elmi məsləhətçisi dosent, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyevadır.
Tədqiqatçı mübadiləsi Sumqayıt Dövlət Universiteti ilə L.N. Qumilyov adına Avrasiya Milli Universiteti imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.