Sumqayıt avtomobil bazarında oktyabr ayı üzrə median qiymət 12.500 manat təşkil edib.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib. Məlumata görə, ölkə üzrə avtomobillərin median qiyməti aylıq müqayisədə 3,7% artaraq 19.500 manata çatıb. Lakin bu artım avtomobillərin real bahalaşması ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin marka və model tərkibinin dəyişməsi ilə əlaqələndirilir.
Hesabatda qeyd olunur ki, avtomobil elanlarının 66,9%-i Bakının, 6,6 %-i isə Sumqayıtın payına düşür. Paytaxtda median qiymət 23.900 manat olduğu halda, Sumqayıtda bu göstərici 12.500 manatdır.
Ölkə üzrə satışa çıxarılan avtomobillərin 51,2%-nin qiyməti 20 min manatdan, 22,9%-nin qiyməti isə 10 min manatdan aşağıdır.