Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində iki şəhidin xatirəsinə bulaq inşa edilir. Bu haqda Sumqayıt24-ün müxbiri məlumat verib.
Şəhidlər, kapitan Ülvü Hüseynov və leytenant Ülvü Məhərrəmova həsr edilmiş bulaq, yaşayış binasının qarşısında tikilir. Bulaq-abidənin inşası yekunlaşandan sonra onun üzərinə şəhidlərin rəsmləri yerləşdiriləcək.
“Pələng” ləqəbli şəhidimiz Ülvü Hüseynov Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Qubadlı, Laçın, Şuşa uğrunda savaşıb və ermənilərin 15 ədəd hərbi texnikasını ələ keçirib. Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsindən şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Şəhid-kapitanımız ölümündən sonra “Qarabağ” ordeni ilə, "Vətən uğrunda", “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.
Digər şəhidimiz isə, sumqayıtlı Ülvü Məhərrəmov 14 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. O, müharibə zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidimiz "Vətən uğrunda", “Xocavəndin və Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.