Sumqayıt şəhərinin küçələrindən birində yol və işıq problemi narazılıq yaradıb.
Bu barədə Sumqayit24.az-a Hacı Zeynalabdin qəsəbəsi, Əkinçi küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, adıçəkilən küçədə yollar baxımsız vəziyyətdədir. Bildirilib ki, xüsusilə yağışlı havalarda ərazidə hərəkət etmək çətinləşir. Belə ki, yollardakı çuxurlar su ilə dolur və bu da küçənin keçilməz hala düşməsinə səbəb olur.
Sakinlər həmçinin ərazidə işıq dirəklərinin olmadığını, bu səbəbdən axşam və gecə saatlarında hərəkət zamanı çətinliklə üzləşdiklərini bildiriblər.
Şikayətçilər aidiyyəti qurumlardan mövcud problemlərin həlli üçün tədbir görülməsini tələb edirlər.