top
STM-in direktor əvəzi: Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır
03 noyabr 2026, 18:35
- ↺ +

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

44 günlük Vətən müharibəsində həkimlərimizin üzərinə düşən əsas vəzifələrdən biri yaralı hərbçilərə vaxtında tibbi yardım göstərmək və onların həyatını xilas etmək idi. Həmin günlərdə cəbhə bölgəsində fəaliyyət göstərən həkimlərdən biri də Sumqayıt Tibb Mərkəzinin direktor vəzifəsini icra edən, cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov olub.

Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində tibbi yardımın təşkilində və yaralıların əməliyyatlarında iştirak edən Ramin Qasımov müharibə xatirələri, həkim məsuliyyəti və bu gün də davam etdirdiyi xidmət barədə fikirlərini bölüşüb.

Sumqayit24.az müsahibəni təqdim edir:

– Müharibə başlayanda cəbhəyə yollanmaq qərarını necə verdiniz? Bu addım sizin üçün nə ifadə edirdi?

– Mənim üçün bu qərar həm həkim, həm də vətəndaş kimi üzərimə düşən məsuliyyətlə bağlı idi. Uşaqlıqdan torpaqlarımızın işğalı, xalqımızın yaşadığı ağrı və itkilər yaddaşımda idi. Vətən müharibəsi başlayanda düşündüm ki, öz peşəmin imkan verdiyi şəkildə bu mübarizəyə töhfə verməliyəm. Mənim silahım tibbi bilik və təcrübəm idi. Yaralı hərbçilərin yanında olmaq, onlara yardım göstərmək və həyatlarını xilas etmək üçün çalışmaq istəyirdim.

– Həkim kimi xidmətinizi hansı istiqamətlərdə davam etdirdiniz?

– Müharibə dövründə Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində yaradılmış tibb məntəqələrində fəaliyyət göstərmişəm. Burada yaralı hərbçilərin vəziyyətinin qiymətləndirilməsi, təcili tibbi yardım və cərrahi müdaxilələr həyata keçirilirdi. Əsas məqsədimiz hər bir yaralıya mümkün qədər qısa zamanda lazımi tibbi yardım göstərmək idi.

– Cəbhədə gördüyünüz hadisələrdən hansı bu gün də yaddaşınızda xüsusi yer tutur?

– Çox ağır və unudulmaz anlar yaşanıb. Yadımdadır, ağır yaralanmış bir əsgər yarasının sarınmasını istəyir, mümkün qədər tez döyüş yoldaşlarının yanına qayıtmağa tələsirdi. Öz ağrısına baxmayaraq, fikrinin silahdaşlarında olması onun iradəsini göstərirdi.

Digər hadisə isə müalicə etdiyimiz və yenidən döyüşə qayıdan bir hərbçinin təxminən bir həftə sonra şəhid olması xəbərini almağımız idi. Həyatını xilas etmək üçün çalışdığın insanın sonradan şəhid olduğunu eşitmək çox ağırdır.

– Müharibə şəraitində cərrah üçün ən böyük sınaq nə idi?

– Ən çətin məqamlar ağır travmalar almış, həyatı təhlükə altında olan hərbçilərlə bağlı idi. Bəzən yaralanmanın insanın gələcək həyatına ciddi təsir göstərəcəyini, qalıcı sağlamlıq məhdudiyyətləri yarada biləcəyini anlayırdıq. Belə anlarda hisslərini kənara qoyaraq bütün diqqətini tibbi müdaxiləyə yönəltməlisən. Çünki qarşında kömək gözləyən bir insan var. Bizim üçün əsas məsələ onun həyatını qorumaq və mümkün olan ən yaxşı nəticəyə nail olmaq idi.

– O ağır günlərdə sizə mənəvi güc verən nə olurdu?

– Hərbçilərimizin döyüş ruhu və iradəsi bizi də ruhlandırırdı. Ağır yaralanmalarına baxmayaraq, onların yenidən döyüş yoldaşlarının yanına qayıtmaq istəyini görmək insana təsir edirdi. Xalqımızın birliyi, hər kəsin öz imkanı və bacarığı ilə bu mübarizəyə dəstək verməsi də böyük mənəvi dayaq idi. Əsgər ön cəbhədə döyüşürdü, biz isə onun həyatını qorumaq üçün çalışırdıq. Hər kəs öz vəzifəsini yerinə yetirirdi.

– Zəfər xəbəri sizə necə təsir etdi?

– 8 Noyabr mənim üçün xalqımızın birliyinin, iradəsinin və qətiyyətinin təcəssümüdür. Qələbə xəbərini eşidəndə böyük sevinc və qürur hissi keçirdim. Uzun illər arzuladığımız nəticəyə çatmışdıq. Eyni zamanda, həmin mübarizədə həkim kimi iştirak etdiyimi, yaralı hərbçilərimizə yardım göstərmək üçün əlimdən gələni etdiyimi düşünmək mənə mənəvi rahatlıq verirdi.

– Müharibədən sonra gündəlik həyata qayıtmaq nə dərəcədə asan oldu?

– Müharibədə yaşananları qısa müddətdə unutmaq mümkün deyil. Orada gördüyün ağır yaralanmalar, eşitdiyin səslər və yaşadığın gərginlik insanın yaddaşında qalır. Mən də sonrakı iki-üç il ərzində həmin günlərin təsirini hiss etmişəm. İşə və gündəlik həyata qayıtsan da, bəzi xatirələr uzun müddət səninlə yaşayır.

– Bu gün şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqəti necə qiymətləndirirsiniz?

– Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sağlamlığı ilə bağlı məsələlər fəaliyyətimdə xüsusi yer tutur. Onların tibbi ehtiyaclarına diqqətlə yanaşmağı və imkanlarımız daxilində dəstək göstərməyi vacib hesab edirəm. Müharibə günlərində yaralı hərbçilərimizin yanında olmuşamsa, bu gün də onların və ailələrinin sağlamlığı üçün çalışmaq həmin xidmətin davamıdır.

– Cəbhədə müalicə etdiyiniz hərbçilərlə sonradan qarşılaşmaq sizdə hansı hissləri yaradır? Mükafat məsələsinə münasibətiniz necədir?

– Əməliyyat etdiyim və bu gün həyatını davam etdirən hərbçilərimizi görəndə böyük sevinc keçirirəm. Bir vaxtlar ağır yaralı vəziyyətdə gördüyün insanı sağlam və həyatda görmək həkim üçün ən dəyərli hisslərdən biridir.

Mükafat məsələsinə gəlincə, mən müharibəyə medal və ya fəxri ad almaq üçün getməmişdim. Vətəndaşlıq və Vətən borcumu yerinə yetirmək, həkim kimi yaralı hərbçilərimizə kömək etmək üçün getmişdim. Mənim üçün əsas mükafat həyatını xilas etməyə çalışdığım insanları bu gün həyatda görməkdir.

– Müharibə təcrübəsi həkimliyə və insan həyatına baxışınızı necə dəyişdi?

– Müharibə insan həyatının nə qədər qiymətli və eyni zamanda həssas olduğunu bir daha göstərdi. Həmçinin xalqımızın çətin məqamda necə birləşə bildiyinin şahidi olduq. Bu təcrübə həkimlik peşəsinə bağlılığımı daha da gücləndirdi. Seçdiyim sənətin nə qədər vacib olduğunu, insanın həyatının qorunmasına töhfə verməyin böyük məsuliyyət daşıdığını daha dərindən anladım. Bu gün də fəaliyyətimin əsas məqsədi insanların sağlamlığının qorunmasına xidmət etməkdir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sarayda bu küçə axşam zülmətə qərq olur…

İdman
Dünən, 18:15

"Sumqayıt" Futbol Akademiyasının direktoru Gürcüstanda işgüzar səfərdə olub

Bütün xəbərlər
Dünən, 17:57

Polad Həşimovun anası xəstəxanadan evə buraxıldı

İdman
Dünən, 17:41

DƏQİQLƏŞDİ! "Sumqayıt" - "Sabah" matçı bu stadionda keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:25

Coratdakı internet problemi barədə açıqlama

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda 86 yaşlı ahıl itkin düşüb

Bütün xəbərlər
Dünən, 17:01

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

Bütün xəbərlər
Dünən, 16:21

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət etdi

Bütün xəbərlər
Dünən, 15:39

Deputat tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif etdi

Bütün xəbərlər
Dünən, 15:01

Sumqayıtda sabah 18 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:58

Sumqayıtda yazıçı 3-cü mərtəbədən yıxılıb

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıtda kişi birlikdə yaşadığı qadını uşağa görə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:43

Sumqayıtın 29 min sakini olan massivində məktəb yoxdur - DEPUTATDAN TƏKLİF

Bütün xəbərlər
Dünən, 13:41

Sumqayıtın deputatından alimlərin maddi durumu ilə bağlı çağırış

Bütün xəbərlər
Dünən, 13:01

Sumqayıt və Sarayda yeni mənzillər satışa çıxarılır

Kriminal
Dünən, 12:21

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıt səmasında müəmmalı işıqlar – SƏBƏBİ BİLİNDİ

İdman
Dünən, 11:01

Sumqayıtlı karateçilər Tbilisidə medallar qazandılar

Bütün xəbərlər
Dünən, 10:21

Sumqayıtda içməli su xəttində qəza

Bütün xəbərlər
Dünən, 09:51

Sumqayıtda kişi pilləkəndən yıxılıb ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:11

Sumqayıtda lükün ətrafında narahatedici mənzərə

Bütün xəbərlər
Dünən, 08:41

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:39

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Oxşar xəbərlər