Sumqayıtdakı məktəblərin birində qız şagirdlərin məktəbli şalvarı geyinməsinə icazə verilmədiyi iddia olunur.
Sumqayit24.az-a bu barədə valideynlər müraciət ediblər.
Valideynlərin iddiasına görə, 22 nömrəli məktəbdə yalnız I-IV siniflərdə təhsil alan qız şagirdlərin şalvar geyinməsinə icazə verilir. Qeyd olunub ki, yuxarı siniflərdə oxuyan qızların isə məktəbə şalvarla gəlməsinə imkan yaradılmır.
Bildirilib ki, havaların soyuması və bəzi şagirdlərin təhsil müəssisəsinə uzaq məsafədən gəlməsi səbəbindən valideynlər qız övladlarının məktəbli şalvarı geyinməsi üçün məktəb rəhbərliyinə müraciət ediblər. Lakin onların müraciəti müsbət qarşılanmayıb.
Valideynlər qeyd ediblər ki, vahid məktəbli forması qaydalarında şalvar da nəzərdə tutulduğu halda, məktəbdə buna niyə icazə verilmədiyini anlamırlar.
"Biz Təhsil Nazirliyinin qərarını əsas gətirsək də, bizə məktəbin öz qaydalarının olduğu bildirildi", - deyə valideynlər narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, hələ ki açıqlama verilməyib.