Sumqayıtın Sülh küçəsində yol polisi əməkdaşları yenidən reyd keçiriblər. Bu səfər də yoxlamalar avtobuslar üçün ayrılmış zolaqla hərəkət edən avtomobil sürücülərinə qarşı təşkil edilib. Bu haqda DünyaTV-nin reportajına istinadən xəbər veririk.
Reydlər eyni zamanda küçənin 2-ci və 3-cü mikrorayonlarına düşən hissəsində aparılıb. Polis əməkdaşları qaydanı pozaraq həmin zolaqda hərəkət edən və yaxud orada park olunan avtomobillərin fotolarını çəkiblər. Həmin avtomobillərin sahibləri isə müvafiq olaraq cərimələniblər.
Həmçinin, reyd zamanı ictimai nəqliyyat və taksilər də nəzarətdən keçirilib. Maskasız sərnişinlər nəqliyyatdan düşürülüb və onlara protokollar tərtib edilib. Bundan əlavə isə, taksi sürücülərinin COVİD-19 pasportları yoxlanılıb.