Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, iyunun 7-də III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da keçiriləcək.
İmtahanlar Sumqayıt, Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin "Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi" xidmətindən istifadə edərək "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.