Sumqayıt sakini olan taksi sürücüsü müştəriyə xəsarət yetirib.
Məlumata görə, 1989-cu il təvəllüdlü Elmar taksi fəaliyyəti ilə məşğul olduğu "Renault" markalı avtomobilə Sumqayıt şəhərindən sərnişin götürərək Bakı istiqamətində hərəkət edib.
Bakı-Sumqayıt şosesi ilə hərəkətdə olarkən sürücü Xırdalan şəhəri ərazisində Masazır dairəsi istiqamətində köməkçi yola daxil olub. Avtomobilin ön oturacağında əyləşən sərnişin Zaur (adlar şərtidir – red.) buna etiraz edib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Məlumata əsasən, Elmar avtomobili Masazır dairəsinə yaxın ərazidə saxlayaraq sərnişini avtomobildən düşürüb. Daha sonra onun sifət nahiyəsinə yumruqla, bədəninə isə təpiklə zərbələr endirərək xəsarət yetirib.
Elmar barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2025-ci il mayın 25-də "Renault" markalı avtomobillə taksi fəaliyyəti göstərib. Həmin gün saat 13 radələrində Sumqayıt şəhərində yerləşən Sülh Plazanın qarşısından 6 sərnişin götürərək Bakı şəhərindəki 20 Yanvar metrostansiyası istiqamətində hərəkət edib.
Onun sözlərinə görə, əvvəllər tanımadığı Zaur avtomobilin ön sağ oturacağında əyləşib. Xırdalan şəhəri ərazisinə çatdıqda Masazır dairəsi istiqamətində köməkçi yola daxil olub. Sürücü bildirib ki, buna səbəb həmin ərazidə bir nəfərə yük verməli olması olub.
Elmarın sözlərinə görə, Masazır dairəsinə yaxınlaşarkən nisbətən avtomobil sıxlığı yaranıb. Bu zaman Zaur sürücüdən nə üçün həmin yola daxil olduğunu soruşub və ürəyində problem olduğunu, tıxacda qala bilməyəcəyini deyib.
Sürücü isə ona bu halda ayrıca taksi sifariş etməli olduğunu bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Elmar deyib ki, Zaur sözünə irad bildirməsinə görə ona əsəbiləşib və gözləmədiyi anda avtomobildə oturmuş vəziyyətdə onun sağ çənə nahiyəsinə 2 dəfə yumruq atıb, onu söyüb-təhqir edib:
Daha sonra avtomobili Masazır dairəsinə təxminən 150 metr qalmış saxlayaraq Zaurdan maşından düşməsini tələb edib. Onun sözlərinə görə, Zaur söyüş söyməyə davam edib və ona yumruq atmağa cəhd göstərib.
Elmar bildirib ki, sərnişinlər tərəfləri sakitləşdirməyə çalışıblar. Daha sonra Zauru itələyib və nəticədə o, yerə yıxılıb. Bu zaman eynəyi də yerə düşüb.
Bundan sonra Elmar avtomobilə əyləşib. O, Zaurun avtomobilin şəklini çəkdiyini gördüyünü bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar barəsində amnistiya tətbiq edilib. O, cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.
Mənbə: Demokrat.аz