Başlanğıcını Sumqayıt Avtovağzalından götürən 509 nömrəli marşrut avtobusunun hərəkət qrafiki ilə bağlı şikayət var.
Bu barədə Sumqayit24.az-a sözügedən marşrutdan tez-tez istifadə edən vətəndaşlar məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, 509 nömrəli avtobusun intervalı uzun olduğu üçün sərnişinlər bəzən nəqliyyat vasitəsini bir saata qədər gözləməli olurlar. Bu isə sakinlərin ünvana gec çatmalarına və müxtəlif problemlərlə üzləşmələrinə səbəb olur.
Vətəndaşlar bildirirlər ki, avtobusun gecikməsi sərnişin sıxlığına da gətirib çıxarır. Belə ki, nəqliyyat vasitəsi əraziyə çatana qədər xeyli sayda insan dayanacaqda toplaşır. Bunun nəticəsində isə avtobusa minmək, eləcə də yolboyu nəqliyyat vasitəsinin daxilində hərəkət çətinləşir.
"İşdə nə qədər deyim ki, avtobus yox idi, gec gəldi? Hətta işə gecikdiyimə görə məni işdən çıxardılar. Xeyli vətəndaşın istifadə etdiyi bu marşrutda vəziyyət çox acınacaqlıdır", - deyə vətəndaş narahatlığını bildirib.
Məsələ ilə bağlı Sumqayit24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov açıqlama verib.
"Sumqayıt Avtovağzalını "Binə" Ticarət Mərkəzi ilə əlaqələndirən 509 nömrəli marşrut xətti üzrə 9 avtobus 15 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir.
Daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğunlaşdırılması ilə bağlı tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması məsələsinə baxılacaq", - deyə açıqlamada qeyd olunub.