Cümə günü Yer kürəsində maqnit fırtınalarının baş verəcəyi gözlənilir.
Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun sözlərinə görə, beynəlxalq proqnoz mərkəzlərinin hesablamalarına əsasən, Günəşdən ayrılan plazma buludları cümə günü səhər saatlarında Yerə çatacaq.
Mütəxəssis bildirib ki, geomaqnit sahəsində yaranacaq dalğalanmalar təxminən iki gün davam edəcək. Belə ki, oktyabrın 9-da Yer kürəsini G1-G2 səviyyəli maqnit fırtınalarının bürüyəcəyi ehtimal olunur.
Onun sözlərinə görə, cari həftə ərzində Günəş fəallığının kəskin artması müşahidə edilib.
Məlumata görə, bazar günü geomaqnit vəziyyətin tam stabilləşəcəyi gözlənilir.