Sumqayıt Apellyasiya Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Orxan Kərimzadənin (ad və soyadı şərtidir - red.) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib, şikayət təmin olunmayıb.
İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Belə ki, təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində qayınatası, zərərçəkmiş İlham Məcidovla (ad və soyadı şərtidir - red.) yaranmış mübahisə zamanı ona qəsdən yumruq zərbəsi endirərək öldürüb.
İş materiallarına əsasən, hadisə günü zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə qızının yaşadığı evə gəlib. Ailədaxili mübahisə zamanı Orxan Kərimzadə qayınatasının sol sinə nahiyəsinə yumruq zərbəsi vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin döş qəfəsinin ön səthində yumşaq toxumalara qansızma, qalxan aortanın cırılması kimi həyat üçün təhlükəli ağır xəsarətlər yaranıb. O, döş qəfəsinin küt travması nəticəsində aortanın cırılması ilə əlaqədar baş verən kəskin daxili qanitirmədən həyatını itirib.
Məhkəmədə ifadə verən Oran Kərimzadə özünü qismən təqsirli bildiyini deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.
Mənbə: Pravda.аz