Sumqayıtda ağlagəlməz oğurluq hadisəsi baş verib.
Məlumata görə, hadisə bankomat qarşısında baş verib. Təqsirləndirilən şəxs yaşlı qadına kömək etmək adı ilə yaxınlaşıb və onun etibarını qazanıb. Qadın bank kartını və şifrəsini həmin şəxsə verib.
O, kartdan 50 manat çıxarıb pulu və kartı qadına qaytarıb. Lakin qadın bir neçə addım atdıqdan sonra həmin şəxs onu yenidən səsləyib. Kartların səhv düşdüyünü deyərək öz bank kartını qadına verib. Kartların xarici görünüşünün eyni olması səbəbindən qadın buna inanıb və öz kartının onda qaldığını anlamayıb.
Daha sonra həmin şəxs qadının kartından bankomat vasitəsilə 215 manat nağd pul çıxarıb. Hesabda qalan 3 manatla isə marketdən siqaret alıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra şəxs saxlanılıb və Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham olunub. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və əməlindən peşman olduğunu bildirib. O, dəymiş ziyanı ödəməyə maddi imkanının olmadığını və himayəsində azyaşlı övladının olduğunu deyib.
Məhkəmənin hökmü ilə ona 2 il 10 ay həbs cəzası verilib. Əvvəlki hökm üzrə təyin edilmiş 1 il 6 aylıq cəzanın bir hissəsi də yeni cəzaya əlavə edilib.
Nəticədə yekun cəza 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə müəyyən olunub. Şübhəli şəxs qismində saxlanıldığı 2 gün nəzərə alınaraq qəti cəzası 3 il 7 ay 28 gün təşkil edib.
Mənbə: Qaynarinfo.az