top
“Xəyallarınızın arxasınca gedin, siz bunu bacaracaqsınız” - Sumqayıtlı cüdoçu
21 sentyabr 2025, 06:45
- +

“Xəyallarınızın arxasınca gedin, siz bunu bacaracaqsınız” - Sumqayıtlı cüdoçu

Xəbər verdiyimiz kimi, sumqayıtlı cüdoçu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində vəzifə verilib.

Sumqayit24.az-ın əməkdaşı gənc cüdoçu ilə həmsöhbət olub, Şəhanə Hacıyeva müsahibədə uğurlarını, məqsədlərini bizimlə bölüşüb və gənc idmançılara tövsiyələr verib.

Sözügedən müsahibəni təqdim edirik:

- Özünüzü təqdim edin, zəhmət olmasa.

- Mən Hacıyeva Şəhanə İbadət qızı Sumqayıt şəhərində anadan olmuşam. Əslən Cəbrayıl rayonundanam.

Dəfələrlə Avropa və dünya çempionatlarının qalibi, mükafatçısı olmuşam.

Əməkdar idman ustasıyam. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Hazırda da ali təhsilimi davam etdirirəm. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin 4-cü kurs tələbəsiyəm.

İndi isə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərirəm.

- Cüdo ilə yolunuz necə kəsişdi? Niyə məhz bu idman növünü seçdiniz və onu sizə sevdirən nə oldu?

- Cüdonu seçməyimin əsas səbəbkarı qardaşımdır. Bu idman növü ilə əvvəl qardaşım məşğul olmağa başlayıb. Mən onun məşq proseslərinə baxa-baxa həvəsə gəldim. Valideyinlərimə mən də idmanla məşğul olmaq istədiyimi desəm də, əvvəlcə mənimlə razlaşmadılar. Davamlı israrımdan sonra razılaşmağa məcbur oldular.

Daha sonra mən də qardaşımla birlikdə Fərid Ağakişiyevin məşqlərinə getməyə başladım. Düzdür, ilk vaxtlar müəllimim bu idman növü ilə məşğul olmamağım üçün bəhanələr gətirirdi. Çünki düşünürdü ki, bir-iki məşqdən sonra həvəsdən düşəcəm və idmanı buraxacam. Lakin aylar keçdikcə Fərid müəllim potensialımı və iradəmi gördüyü üçün mənimlə fərdi məşğul olmağa başladı.

- Hamıda olduğu kimi qabiliyyətlərinizlə yanaşı, məğlubiyyətiniz də olub. Məğlub olan zaman sizi nə motivasiya edirdi və sizi ayağa nə qaldırırdı?

- Təbii ki, hər bir böyük uğurun arxasında kiçik məğlubiyyətlər gizlənir. Niyə kiçik ? Çünki mən məğlubiyyətlərimi gözümdə böyütmürəm və qorxmuram. Məğlubiyyətimdən dərs çıxarıram. Məğlub olduğum yarışları dəfələrlə izləyib, təhlil edirəm. Ən böyük motivasiya mənbəyim isə ailəm və müəllimimdir. Çünki onlar hər zaman yanımda olub və mənə inanıblar.

- Ən yaddaqalan döyüşünüz hansı olub?

- Ən yadda qalan güləşim “Tokio-2020” Yay Paralimpiya Oyunlarındakı final görüşüm olub. Fransız rəqibim məndən yaşca böyük və daha professional idi. O, “Rio-2016” Yay Paralimpiya oyunlarının qalibi idi və böyük təcrübəsi var idi. Hətta Özbəkistanda keçirilən “Grand Prix” yarışında finalda mən ona məğlub olmuşdum. O, psixoloji cəhətdən də məndən üstün idi.

Mən isə bu yarışa xüsusi hazırlaşmışdım və düşünürdüm ki, finalda həmin şəxslə üz-üzə gələcəm. Bəli, elə də oldu. 3 dəqiqə boyunca görüş mənim xeyirimə idi. 4-cü dəqiqənin bitməsinə 5 saniyə qalmış hakim haqsızlığına uğrasam da, nəticədə qalib oldum. Bu çox qürurverici haldır və mənə öyrətdi ki, tək idmanda yox, həyatda da düzgün qurulan taktiki işlər, inadkarlıqlar nəticəsində böyük qələbələrə imza atmaq olar.

- Ümumiyyətlə bu idman növü sizin həyat təcrübənizə nə qatıb? Sizə nələri qazandırıb və nələri itirmisiniz?

- Cüdo mənə həyatda iradəli, qətiyyətli və inadkar olmağı öyrətdi.

Bu qədər uğur qazandığım üçün düşünürəm ki, itirəcəyim bir şey olmayıb.

- Bildiyimiz kimi, paracüdo yarışlarının keçirildiyi kateqoriyalar üzrə müəyyən dəyişikliklər oldu. Bu qərarı siz necə qarşıladınız? Belə qərar karyeranıza necə təsir etdi?

- Düzdür, yeni təsnifatlar ortaya çıxıb və mən hələki yarışlarda iştirak etmirəm. 2026-cı ildə təkrar müraciət etməyi düşünürəm. Müntəzəm məşqlərimə davam edirəm. Eyni zamanda yeni çempionların yetişməsi üçün məşqçi kimi çalışıram.

- Yeni işinizə uyğunlaşmaq necə oldu? Cüdo ilə yeni işinizin arasında hansı məsuliyyət fərqi var?

- Yeni mühit, yeni kollektivlə tanış oldum. Həm kollektivin dəstəyi, həm özümün yeniliklərə açıq olmağım sayəsində bu işə uyğunlaşmaq rahat oldu.

Cüdo sayəsində isə mən qətiyyətli, inadkar, intizamlı, məsuliyyətli olmağı öyrəndim. Fərq ondadır ki, cüdo fərdi məsuliyyət tələb edir. İşdə isə tək özünü yox, kollektivi də düşünməlisən.

- Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığınız nailiyyətlərə və Azərbaycan idmanında göstərdiyiniz xidmətlərə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmisiniz. Prezident tərəfindən təltif olunmaq necə hissdir?

- Ali baş komandan hər zaman idmana və idmançılara dəstək olub, dəyər verib.

Paralimpiya Oyunlarında qalib gəldikdə Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Xanım bizi təbrik etdi. Bu bizim üçün qürurvericidir. Sonradan isə Prezident tərəfindən ordenlə təltif olundum. Bu isə bizi ikiqat sevindirdi.

- Bundan sonrakı hədəf və məqsədləriniz nədir?

- Düşünürəm ki, idmanda ən böyük zirvə olan olimpiya zirvəsini fəth edib çempion olmuşam.

İstəyərdim ki, öz ixtisasımda da, işimdə də böyük uğurlara imza atım. Hər zaman qazandığım uğurlarda xalqımı, bayrağımı üstün tutub, himnimizi səsləndirmişəm.

Bundan sonra yeni işimdə də çalışacam ki, hər zaman dövlətin maraqlarını üstün tutum. Bir sözlə, böyük uğurlar əldə edərək, həm özümə, həm də ətrafıma yararlı olmağı qarşıma hədəf qoymuşam.

- Azərbaycanda sizin kimi gənc xanımları belə uğurlu görmək bizi çox sevindirir. Qarşınıza müxtəlif çətinliklər çıxsa belə, yolunuza davam etdiniz. Ruhdan düşmüş, çətin vəziyyətdə olan Azərbaycan xanımlarına nə demək istərdiniz?

- İlk olaraq onu qeyd edim ki, mənim həyat və idman hekayəm 5-ci sinif Azərbaycan dili dərsliyində tədris olunur. Hətta bir çox uşaqlarla, məktəblilərlə görüşüb onlara gələcəkləri ilə bağlı motivasiya və tövsiyələr vermişdim. Doğurdan da hər birimizin gələcəyi öz əlimizdədir. İnsanların sizi necə gördüyü, kimsənin sizin haqqınızda nələr fikirləşdiyini önəmsəməyin. Qarşınıza çətinliklər, maneələr çıxa bilər, bunları bəhanə etməyin. Çətin günlər sonsuz deyil, gözəl günlər hələ qarşıdadır. Qarşınıza hədəf qoyun, xəyallarınızın arxasınca gedin. Siz bunu bacaracaqsınız!

 

Son xəbərlər

Kriminal
Bu gün, 18:02

Sumqayıtda oğurluqlar baş verib - QADIN SAXLANILIB

Bütün xəbərlər
Bu gün, 17:44

Sumqayıt Məhkəməsinə yeni TƏYİNAT

İdman
Bu gün, 17:19

"Sumqayıt" növbəti mərhələyə yüksəldi

Bütün xəbərlər
Bu gün, 16:53

Sumqayıtda abadlıq işləri aparılıb

Bütün xəbərlər
Bu gün, 16:26

Sumqayıtda kişinin boğazını kəsən şəxsə HÖKM OXUNDU

İdman
Bu gün, 15:28

Emil Mustafayev "Sumqayıt"a niyə gələ bilmədi?

Cəmiyyət
Bu gün, 15:03

Sumqayıt parkında ağacları kəsmək üçün dibinə sement tökülür - İDDİA

Bütün xəbərlər
Bu gün, 14:38

Sabah Sumqayıta yağış yağacaq

İdman
Bu gün, 14:10

"Sumqayıt" basketbolçusu ilə VİDALAŞIB

Bütün xəbərlər
Bu gün, 13:43

Sumqayıtlı gənc şəhid Ənvərin ANIM GÜNÜDÜR

İdman
Bu gün, 13:18

Azərbaycan Kuboku: "Sumqayıt" "Zaqatala"ya qarşı

Cəmiyyət
Bu gün, 12:50

Sumqayıtda bu tarixdə KONSERT olacaq

Bütün xəbərlər
Bu gün, 12:23

Şübhəli zənglərə və keçidlərə aldanmayın - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:56

Sumqayıtda ağacları kəsdilər - Polis məsələyə qarışdı

Bütün xəbərlər
Bu gün, 11:30

Azyaşlının ölümündən sonra Sarayda duyğulandırıcı aksiya

İdman
Bu gün, 11:03

Azərbaycan boksçuları Avropa çempionatının hazırlığına başlayıblar

Faydalı
Bu gün, 10:36

Sumqayıtda maraqlı ekoloji aksiya

Bütün xəbərlər
Bu gün, 10:11

Sumqayıtda zibil maşını YANIB

Faydalı
Bu gün, 09:43

Sumqayıtda güzəştli mənzillər SATIŞA ÇIXARILACAQ

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 33-cü gününün xronikası

Faydalı
Dünən, 21:00

"Azərbaycanda sevmədiyim iki şey var: insanlar və..." - Sumqayıtlı bloqer

Cəmiyyət
Dünən, 17:56

Sumqayıtda əlil övlad anası niyə işdən çıxarılıb? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:21

Sumqayıtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda uşaq xilas edilib

Oxşar xəbərlər