Sumqayıt Şəhər Məhkəməsində tanınmış alim Şəfa Əliyevin məhkəmə iclası keçiriləcək. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Cinayət işi hakim Zaur Hacıyevin sədrliyi ilə keçiriləcək. İstintaq materiallarına əsasən, Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü - elmi katibi Ş.Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin “vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, Şəfa Əliyev 245-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın (biri həmmüəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir.