Sumqayıtda məhəllələrdən birində suyun verilişi ilə bağlı şikayət var.
Sumqayit24.az-a bu barədə yerli sakinlər məlumat veriblər.
Vətəndaşların iddiasına görə, 29-cu məhəllə, 17/18 saylı binalarda su fasilələrlə verilir. Bildirilib ki, suyun verildiyi vaxtlarda da təzyiq çox aşağı olur.
"Su saatla verilir, veriləndə isə təzyiq o qədər zəif olur ki, qızdırıcı işləmir. Nəticədə suyu qazla qızdırmalı oluruq. Qarşıdan qış gəlir, onda necə olacaq? Biz niyə suya görə ödəniş edirik?", - deyə şikayətçilər narahatlıqlarını bildiriblər.
Məsələ ilə bağlı Sumqayit24.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda abonentlərin su təchizatı gündəlik təyin olunmuş qrafik rejimi ilə tənzimlənir:
"Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb".