Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sakinlərlə görüş keçirəcək. Sumqayıt24 bu haqda 3 yanvar tarixində xəbər verir.
Tədbir yanvarın 12-si, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq. Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan sakinləri iştirak edəcəklər.
Vətəndaşlar qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s. məsələlərlə əlaqədar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 11-dək qəbula yazıla bilərlər.
Eləcə də işlə təmin olunmaq istəyən şəxslər müraciət edə bilərlər. Onlar qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi üzrə təhsil almaları tələb olunur.