Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
1902-ci ildə o, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” adlı ilk siyasi təşkilat yaratmışdır. 1904-cü ilin sonlarında Müsəlman demokratik “Müsavat” cəmiyyəti"nin əsasında Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı yaradılmışdır.
Rəsulzadə 1917-ci ildə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 28 may 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalını elan edir və altı maddədən ibarət olan Azərbaycan İstiqlal Bəyannaməsi qəbul edilir.
Məhəmməd Əmin Rəsulzadə 27 aprel 1920-ci ildə AXC-nin süqutundan sonra həbs edilib. Lakin o, Stalinin göstərişi ilə həbsdən azad olunub, Moskvaya
aparılıb, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında çalışıb. 1922-ci ildə Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir.
O, sonradan müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), “Müsavat” Partiyasının Xarici Bürosunu yaradıb və “Müsavat”ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verib. O, eyni zamanda siyasi mühacirətin parçalanmasının qarşısını almağa, onun vahid mərkəzdən idarə olunmasına çalışırdı. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə bloku - “Prometey” adlı təşkilat yaradıldı. 1949-cu ildə isə Rəsulzadə Ankarada “Azərbaycan Kültür Dərnəyi” təsis etdi.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib və oradakı Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.