Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin doğum günüdür. O, ordumuzun kapitanı idi. Yaşasaydı 32 yaşı olacaqdı.
Hətəmxan 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Hətəmxan sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub.
Hətəmxan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Ailəli idi.