Havaların istiləşməsindən sonra Ceyranbatan su anbarının sahillərində çox sayda ilan peyda olub. Sumqayıt24 bu haqda Bizim.media-ya istinadən xəbər verir.
Sakinləri narahat edən bir səbəb sancılmaq qorxusu, digəri isə suyun hər hansı dərəcədə zəhərlənməsi ehtimalıdır. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mövqeyini öyrənmək mümkün olmayıb. Çünki gün ərzində mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmayıb.
Səhiyyə Nazirliyi, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovun sözlərinə görə, narahatlığa heç bir əsas yoxdur. Həm suda, həm də quruda yaşayan ilanlar suya toksiki maddə ifraz etmir: “Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır”.
Qeyd edək ki, sözügedən anbar Sumqayıt sakinlərini də içməli su ilə təmin edir.