Uzun illərdən sonra doğma Ağalı kəndinə dönən Bəxtiyar Abdullayev öz təəssüratları ilə bölüşüb. Sumqayıt24 bu barədə 26 iyul tarixində Report.az-a istinadən xəbər verir.
O, 1976-cı ildə sözügedən kənddə doğulub. Ermənilərin işğalından sonra ailəsi ilə birlikdə Sumqayıta köçüb və 2-ci mikrorayonda yerləşən 3 saylı məktəbdə məskunlaşıb.
"Kəndimizin erməni terrorçuları tərəfindən işğal edildiyi günü heç vaxt unutmayacam, heç övladlarıma da unutdurmayacam. Ermənilər vəhşi kimi girdilər kəndə. Qabaqlarına çıxan nə var idisə dağıdıb, sındırırdılar. Yer üzündə görülməyən, dünya hərb tarixinə təsadüf edilməyən vəhşiliklər törədirdilər”, - deyə Abdullayev bildirib.
Onun sözlərinə görə, Ağalının bərpa olunması xəbərini eşidən gündən, ora gəlməyi səbirsizliklə gözləyib: “Şükür ki, doğma kəndimizə gəldik. İnanın, sevincimin həddi yoxdur. Uzun ayrılıqdan sonra kəndimizdə, öz doğma evimdə ilk gecənin, ilk yuxunun həyəcanı məni bürüyüb. Elə zənn edirəm ki, hələ də bu, bir reallıq yox, yuxudur".