Sumqayıtda sakinlər tikinti şirkəti ilə kompensasiya məbləğində razılığa gələ bilmirlər. Bu barədə 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Söhbət şəhərin 20 Yanvar küçəsi, 16-cı məhəllə, ev 9/28 ünvanında yaşayan 5 ailədən gedir. "Ayta LTD" şirkəti sözügedən ünvanda inşa ediləcək binadan mənzil və kompensasiya təklif etsə də, bu, sakinləri qane etmir. Onlarla yekun razılıq əldə edilməsə də, digər mənzillərin içərisində söküntü işləri aparılır.
Tikinti şirkətindən Apa.az-a şifahi olaraq bildirilib ki, yaşayış üçün yararsız evlər qanuni şəkildə sökülür. Binada 7 sakinlə razılaşma olsa da, orada yaşayan 5 ailə ilə razılığa gələ bilməyiblər.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev isə söyləyib ki, kompensasiya ödənilərkən vurulan zərər və bazar qiymətləri nəzərə alınmalıdır. Hüquqşünas onu da əlavə edib ki, hazırkı vəziyyətdə sakinlərin qaneedici məbləğdə kompensasiya ala bilmələri üçün məhkəməyə müraciət etmək hüquqları var.