Sumqayıtda sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib. Sumqayıt24 bu haqda 9 iyun tarixində Edu.gov.az-a istinadən xəbər verir.
Görüşdə millət vəkilləri, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan direktor və ibtidai sinif müəllimləri iştirak ediblər.
Çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, sertifikatlaşdırmanın əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Proses zamanı, həmçinin onların inkişafına nail olunaraq təlim ehtiyacları da müəyyənləşdiriləcək. Bağırov vurğulayıb ki, sertifikatlaşdırma prosesi ilə bağlı Ukrayna, Sinqapur, Estoniya və Türkiyədə təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi araşdırılıb.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı fikirlərini bölüşüb.
Sonda iştirakçıların sualları cavablandırılıb.