Gecə yuxudan qəfil oyanma, ətrafda yad birinin olduğunu hiss etmə, qorxulu görüntülərlə qarşılaşma və bədəni hərəkət etdirə bilməmə yuxu iflicinin xarakterik xüsusiyyətləri hesab olunur.
Neyrobioloq Baland Cəlal bu barədə "The Guardian" nəşrinə müsahibəsində danışıb.
Alim bildirib ki, yuxu iflici baş verdikdə insanın beyni oyanmağa başlasa da, bədən hələ də yuxu vəziyyətinə xas olan hərəkətsizlik halında qalır.
Onun izahına əsasən, bu zaman yaranan qorxulu görüntülər beynin bədənin niyə hərəkət etmədiyini anlamağa çalışması ilə bağlı ola bilər.
Mütəxəssis qeyd edib ki, təşviş və stress də yuxu iflicinin baş verməsinə təsir göstərən amillər sırasındadır.
Baland Cəlal belə hallarla qarşılaşan şəxslərə sakit qalmağı, bədəni zorla hərəkət etdirməyə çalışmamağı və diqqəti başqa düşüncələrə yönəltməyi məsləhət görüb.