Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən narazıdırlar. Sumqayıt24 bu barədə 2 noyabr tarixində Xəzər Xəbər-ə istinadən məlumat verir.
Aktyorların sözlərinə görə, son 7 ayda əməkhaqları hər ay gecikir. Onlar iddia edirlər ki, vəziyyətin bu həddə çatmasına səbəb teatrın rəhbərsiz qalmasıdır. Direktoru əvəz edən müavinin səlahiyyəti isə bu məsələdə məhduddur.
“1 həftə, 10 gün ona əmr verilir ki, direktorun səlahiyyətlərini yerinə yetirsin. Bu müddət ərzində direktor muavini banka öz imzasını təqdim edəndən sonra biz öz maaşımızı alırıq. Noyabrın əvvəlidir, biz hələ oktyabrın əməkhaqısını almamışıq. İşə gəlməyə yolpulu yoxdur. Səbəb odur ki, direktorun imzası olmalıdır, bizim isə müdirimiz yoxdur”, - deyə aktyorlar bildiriblər.
Teatrın aktyorları qarşılaşdıqları çətinliklə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar. Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirilib ki, teatr nazirliyə tabe olduğu üçün məsələnin həlli onların səlahiyyətlərində deyil.