Elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyevin vəziyyəti stabildir. Sumqayıt24 bu haqda 1 noyabr tarixində xəbər verir.
Ağır xəsarətlər alan Aslan bir həftədən çoxdur ki, “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Onun bibisi Qərənfil Əliyevanın sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi bütün xərcləri öz üzərinə götürüb. Amma bir problem yaranıb:
“Uşağa dəstək məqsədilə açdığımız bütün kart hesablarını yığışdırmışıq. Lakin yenə onun adından istifadə edib saxtakarlıq edirlər. İsmayıllıdan bir nəfər bizim uşağın fotosu ilə “Kapital Bank” kartını paylaşaraq pul yığır. Bununla bağlı polisə müraciət etmişik. İctimaiyyətin də xəbəri olsun ki, dövlət bütün xərcləri qarşılayır və biz pul yığmırıq”.