Sumqayıtın Corat qəsəbəsində qanunsuz keçirilən toyun iştirakçıları cərimələnib. Bu barədə APA məlumat yayıb.
Qəsəbənin fərdi evlərindən birində keçirilən toy məclisi dayandırılıb. Araşdırma zamanı şənliyi Corat sakini 53 yaşlı Vaqif Əliyevin təşkil etdiyi müəyyən olunub. Məlum olub ki, Əliyevin keçirdiyi məclisdə 100 nəfər iştirak edib və toyla bağlı məlumatlar portalda qeydiyyatdan keçiriliməyib. Nəticədə, ev sahibi və qonaqlar cərimələniblər.
Azərbaycanda 1 iyuldan etibarən 150 nəfərə qədər iştirakçı ilə toyların keçirilməsinə icazə verilib. Bunun üçün ən azı 5 gün öncədən məclisin keçiriləcəyi məkanın sahibi tələb olunan məlumatları portala (icaze.e-gov.az) daxil etməlidir. Pozuntular aşkar olunduğu halda isə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar.
Beləliklə, 50 nəfərə qədər iştirakçısı olan məclisdə Covid pasport tələb olunmur, lakin qoruyucu maska və əlcəkdən istifadə mütləqdir. 50-150 nəfər iştirakçısı olan məclislərdə isə Covid pasport tələb olunsa da, qoruyucu maskadan istifadə vacib deyil.