Sumqayıt Dövlət Universitetində “Şuşa Qarabağın tacıdır, Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirilib. Bu barədə bu gün, 11 may tarixində universitetin saytına istinadən xəbər veririk.
İlk öncə iştirakçılar Akt zalının foyesində Muğam müsabiqəsinin laureatı, müğənni Gülzar Fərəcovanın ifasında “Gözəldir, hər yan gözəl” mahnısını dinləyib, Şuşanı tərənnüm edən milli mətbəxi, rəsm və sənətkarlıq nümunələrindən təşkil olunmuş sərgiyə baxış keçiriblər.
Tədbirin davamında 2-ci kurs tələbələri Fatimə Muradzadə Şuşanın tarixi haqqında ətraflı məlumat verib, Flora Həmidzadə isə “Şuşa Bəyannaməsi”ni oxuyub. Daha sonra “Şuşa, sən azadsan!” adlı videoçarx nümayiş olunub.
Sonda, tələbələrin ifasında Xan qızı Xurşidbanu Natəvan, Molla Pənah Vaqif və Pənahəli xanın Şuşa haqqında söhbətləri ilə bağlı səhnəcik nümayiş olunub, müxtəlif bayatılar səsləndirilib.