Sumqayıtda "Dumanlar başımda dastana döndü" adlı sərgi təşkil edilir. Bu haqda YARAT Müasir İncəsənət Məkanı öz Facebook hesabında xəbər verir.
4 mart saat 15:00-da başlayan səyyar sərgi Dövlət Rəsm Qalereyasında təqdim ediləcək. Burada yerli rəssam və fotoqrafların əsərləri sərgilənəcək.
Sumqayıt, İkinci Qarabağ müharibəsi zamanı, işğal altında olan ərazilərin azadlığı uğrunda ən çox şəhid vermiş şəhərlərdən biridir. Sərginin adı Vətən Müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış Vətən yaxşıdır mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Sərgi 22 aprel tarixindək, hər gün, saat 09:00-dan 18:00-dək davam edəcək. Giriş ödənişsiz.