Heydər Əliyev Mərkəzində əməkdar jurnalist Eyruz Məmmədovla “Yetmiş çıx otuz beş bərabərdir Sumqayıt gerçəkliyi” adlı görüş keçirilib. Sumqayıt24 bu haqda 23 fevral tarixində Sumqayit-info.az-a istinadən xəbər verir.
Sumqayıt hadisələrinin 35 illiyinə həsr olunan tədbiri Sumqayıt Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi və Heydər Əliyev Mərkəzi təşkil edib. Görüşün moderatoru Hafiz Ataxanlı iştirakçılara yaxın tarixi proseslər və Sumqayıt hadisələrindən danışıb.
Çıxışlarda yazıçı, publisist, Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü Eyruz Məmmədovun Sumqayıt hadisələri ilə bağlı gerçəklərin araşdırılmasında müstəsna xidmətləri olduğunu vurğulayıblar.
Eyruz Məmmədov həyat yolundan, Sumqayıt barədə silsilə sənədli filmlərin çəkilişinin çətinliyindən söz açıb.
Sonda isə Eyruz Məmmədov yazıçı-publisist Arif Ərşada və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin,Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinə, həmçinin Məhəmməd Füzuli adına məktəbin müəllim və şagirdlərinə təşəkkürünü bildirdi.