Bir sıra ictimai iaşə obyektində havaizləyici qurğular lazımi səviyyədə deyil. Bu haqda 6 yanvar tarixində Apa.az-a istinadən xəbər veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib. O bildirib ki, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzində yoxlama keçirilib. Onların 15-dən çoxu tərəfindən havaya normadan artıq zərərli maddənin atıldığı məlum olub. Qalan 25 obyektdə isə qaz-toztutucu qurğular var və zərərli maddələrin miqdarı norma daxilindədir.
Həmin obyektlərin sahibləri barəsində inzibati protokollar tərtib edilib və hər biri 2000-2500 manat məbləğində cərimə olunub. Onlara məcburi göstərişlər verilib və xəbərdarlıq məktubları göndərilib.
Qeyd edək ki, 2021-ci ildə Sumqayıt şəhəri və Abşeron rayonunda 5 şadlıq sarayında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə isə norma daxilində olduğu müəyyən edilmişdi.