Sumqayıt Dövlət Universitetinin yataqxanasında 240 tələbə qala biləcək. Sumqayıt24 bu barədə bu gün, 2 aprel tarixində AzTV-yə istinadən xəbər verir.
Məlumata görə, 5 mərtəbədən ibarət tələbə yataqxanasının binasında yaxın zamanda təmir işləri yekunlaşacaq. Binanın 1-ci mərtəbəsində kitabxana, yeməkxana, təcili tibbi yardım otağı, camaşırxana və paltar saxlama otaqları yerləşir. Digər mərtəbələrin hər birində isə 20 yataq otağı, 2 sanitar qovşaq və eyni sayda hamam, məişət avadanlıqları otağı və tələbələrin istirahət etmələri üçün guşə olacaq.
Qeyd edək ki, yataq otaqlarının hər birində 3 tələbə məskunlaşa biləcək. Burada tələbələr internetlə təmin ediləcək. Onlar üçün idman qurğuları və söhbətgahlar qurulacaq.