Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icmasının sədri Qəbələ rayonunda olub. Sumqayıt24 bu haqda bu gün, 18 iyun tarixində Apa.az-a istinadən xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-müsəlman və müsəlman dini icma rəhbərlərinin Nic qəsəbəsinə səfəri təşkil edilib. Burada, qeyd etdiyimiz icma sədri ilə birlikdə komitənin sədr müavini Səyavuş Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, müsəlman, xristian, yəhudi və s. dini icmaların nümayəndələri iştirak ediblər.
Qonaqlar qəsəbədə yerləşən Nic Yalağaclı məhəllə məscidini, Yelisey adına “Cotari” və müqəddəs Məryəm Ana Kilsələrini, Azərbaycan Udi Ocağını, həmçinin digər dini abidələri ziyarət edib.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Oğuz və Şamaxıda məscid və kilsələri ziyarət edəcək, Oğuz şəhərində keçiriləcək “Azərbaycançılıq: dini həmrəylik və birgə yaşayışın qarantı” mövzusunda konfransda iştirak edəcəklər.