Sumqayıtın bir neçə ərazisində son günlər elektrik enerjisinin qəfil kəsilməsi halları artıb.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə 4-cü və 5-ci mikrorayon, eləcə də 45-ci məhəllədə axşam saatlarında heç bir xəbərdarlıq edilmədən işıqlar sönür və elektrik enerjisinin verilişi saatlarla bərpa olunmur.
Onları narazı salan əsas məqamlardan biri isə kəsintilər zamanı "Azərişıq" ASC-nin qaynar xəttinə zəng etməyin mümkün olmamasıdır. Bildirilir ki, həmin vaxt qaynar xəttə edilən zənglər dərhal kəsilir.
Yayın son dərəcə isti keçdiyi bir vaxtda uzunmüddətli elektrik kəsintilərinin xüsusilə kondisionerdən istifadə edən sakinlər üçün ciddi çətinlik yaratdığı vurğulanır.
Sakinlər elektrik enerjisinin hansı səbəbdən və nə üçün əvvəlcədən məlumat verilmədən kəsildiyinə aydınlıq gətirilməsini istəyirlər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlanıb.