Sumqayıt şəhəri, 47-ci məhəllədə yaşayan sakinlər ciddi ekoloji və sağlamlıq problemi ilə üz-üzə qalıblar. Yaşayış binalarının bir neçə metrliyində fəaliyyət göstərən iaşə obyektindən (kafedən) çıxan kəsif və qatı tüstü ətrafı bürüyür.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, kafenin damından qurulan bacadan çıxan tüstü birbaşa yaxınlıqdakı binaların pəncərələrinə dolur. İnsanlar havaların isti və ya soyuq olmasından asılı olmayaraq, mənzillərinin pəncərələrini aça bilmədiklərini bildirirlər.
"Ətrafa yayılan tüstü təkcə havanı çirkləndirmir, həm də ərazidəki azyaşlıların, yaşlı və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanların sağlamlığına təhlükə yaradır.
Aidiyyəti dövlət qurumlarından məsələyə təcili müdaxilə etməsini, sözügedən obyektin fəaliyyətinin sanitar-gigiyenik normalara uyğunlaşdırılmasını xahiş edirik", - deyə vətəndaşlardan biri qeyd edib.