Sumqayıtda kirayə mənzillərin qiyməti azala bilər. Bu barədə 16 yanvar tarixində Sumqayıt24 xəbər verir.
İqtisadçı, deputat Vüqar Bayramov İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatının ƏDV-dən azad edilməsindən danışıb:
"Artıq bu qaydalar yanvar ayından qüvvəyə minib. Yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq. Bu isə həmin mənzillərin daha aşağı qiymətə kirayəyə təklif olunmasına səbəb ola bilər. Kirayə mənzillər Fond tərəfindən 3 ildən 25 ilədək 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilən binalarda mənzilləri satın almaq məqsədi ilə təqdim edilir. Yəni vətəndaş kirayə pulunu ödədikdən sonra mənzilə sahib olur”.
Qeyd olunub ki, bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir.