Sumqayıtda avtomatik stansiya vasitəsilə atmosfer havasının keyfiyyəti yoxlanılıb. Sumqayıt24 bu haqda bu gün, 12 aprel tarixində Report-a istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasovanın sözlərinə görə, axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəcikləri normadan bir qədər yüksək olacaq. Bu səbəbdən lokal xarakterli çirklənmə proqnozlaşdırılır: “Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.
Son olaraq qeyd edilib ki, 14 aprel tarixində havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olacaq və havanın keyfiyyəti yaxşılaşacaq.