Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uğurumuz” adlı sərgi keçirilib. Bu barədə 7 dekabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Şuşa ili" ilə əlaqəli tədbirdə “Uğur-ART” rəsm dərnəyinin 3-65 yaş arası üzvlərinin müxtəlif texnikada işlənən rəsm əsərləri nümayiş olunub. Çıxış edən AYB Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, yazıçı Hafiz Ataxanlı, Rəsm Qalereyasının direktoru Ellada Həsənova sərginin əhəmiyyətindən danışıblar.
“Uğur-ART” rəsm dərnəyinin rəhbəri Günel Qasımova rəssamların ərsəyə gətirdikləri şəhidlərin portretlərini ailə üzvlərinə təqdim edib.
Tədbirdə Musiqi kollecinin tələbələri Ülvi Ağamalızadə, Kənan Muradov, Fərid İmranlı, həmçinin Eldar Nəsirli və Anara Suleymanlının rəhbərliyi ilə “Qavqaz” və “Nur” rəqs qrupları musiqi nömrələri ilə çıxış ediblər.
Sonda gənc rəssamlara fəxri fərmanlar verilib.