Sumqayıt şəhərindəki antisanitar vəziyyətlə bağlı şikayətlər davam edir.
Sumqayit24.az-a bu dəfə Kimyaçılar qəsəbəsinin sakinləri müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, ərazidə məişət tullantıları üçün nəzərdə tutulan zibil qutularının sayı azdır. Nəticədə qutular qısa müddətdə dolur, tullantıların bir hissəsi isə ətrafa atılır. Bundan əlavə, zibillərin günlərlə daşınmadığı iddia olunur.
"Zibil pulu 2 manatdan 5 manata qaldırılsa da, eyni baxımsızlıq, eyni biganəlik davam edir. Zibillər günlərlə daşınmır. Qablar çox azdır, tez-tez dolub-daşır. Əraziyə sakinlərdən başqa sexlər, mağazalar və digər obyektlər də müntəzəm olaraq zibil atırlar. Bir sözlə, ərazi tez-tez bu vəziyyətə düşür", - deyə vətəndaşlar narazılıqlarını ifadə ediblər.
Sakinlər yaranmış antisanitar vəziyyətin aradan qaldırılması və ərazidə təmizlik işlərinin lazımi səviyyədə təşkil olunması üçün aidiyyəti qurumlardan tədbir görülməsini tələb edirlər.
Qeyd edək ki, redaksiyamız tez-tez şəhərin müxtəlif ərazilərində antisanitar vəziyyətlə bağlı şikayətlər işıqlandırır.