“Neo Project” MMC müxtəlifölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisə tikəcək. Sumqayıt24 bu haqda 28 dekabr tarixində Fed.az-a istinadən xəbər verir.
İnşaat işləri Sumqayıt Kimya Sənaye Parkında gələn ilin fevral ayında başlayacaq. “Neo Project” MMC-nin baş direktoru Mübariz Qasımovun sözlərinə görə, hazırda sənədləşmə işləri aparılır:
“Prosedurun gələn ilin yanvar ayının sonuna kimi tamamlanması, fevralın əvvəlindən isə tikintiyə başlanması nəzərdə tutulur. Tikintinin 21 gün ərzində yekunlaşdırılması, Novruz bayramı ərəfəsində müəssisənin fəaliyyətə başlaması gözlənilir”.
Layihənin ümumi investisiya dəyəri 3 milyon 318 min manatdır. Lakin ilkin mərhələdə 1,5 milyon manat sərmayə yatırılacaq. Zavodun aylıq istehsal gücü 700 ton olacaq. İlkin mərhələdə 3 armatur, 1 şəbəkə istehsalı sahəsi açılacaq. Gələn ilin sonuna kimi isə 4 şəbəkə, 12 armatur sahəsi olmaqla, ümumilikdə istehsal sahələrinin sayının 16-ya çatdırılması planlaşdırılır.
M. Qasımov bildirib ki, istehsal olunacaq məhsullar hazırda Rusiyadan idxal edilir. Müəssisənin fəaliyyəti idxaldan asılılığı azaldacaq və bazarda həmin məhsulların qiyməti 20% ucuzlaşacaq.