Sumqayıt avtobuslarında kart sisteminin ləğvindən 1 ildən çox vaxt keçib. Bundan narazı sakinlər Sumqayıt24-ə müraciət ediblər.
Məlum olduğu kimi, ləğvin səbəbi 210 validatorun nasaz çıxması olub. Bu müddət ərzində dəfələrlə yeni validatorların quraşdırılacağına dair vədlər verilsə də, vəziyyət dəyişilməz olaraq qalır.
Kart sisteminin olmaması marşrut sürücülərinə də təsir edir. Hazırda onlar gündəlik, olduqca yüksək plan pulu ödəyirlər. Özlərinə isə 10-15 manat qalır. Məhz buna görə bir neçə gün əvvəl “10 A”nın sürücüləri işə çıxmaqdan imtina ediblər. Halbuki nağdsız ödəniş zamanı onlara aylıq maaş verilir.
“Sumqayıt Nəqliyyat -1” MMC-nin qaraj rəisi Sirac Səfərov Xezerxeber.az-a bildirib ki, avtobusların əksəriyyəti kreditlə alınıb. Plan pulu kreditə ödənilməklə yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara əməkhaqqı qismində verilir.