Sumqayıtlı şagird “TEKNOFEST Azərbaycan” festivalında qalib olub. Sumqayıt24 bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
Söhbət, uzun müddətdir sözügedən mərkəzin könüllüsü olan, Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Rəvan Əlipaşayevdən gedir. O, festival zamanı “DN4” komandasının tərkibində "Baku skills" kateqoriyası üzrə iştirak edib və cihazın elektron hissəsini və proqram təminatını hazırlayıb.
Nəticələrə görə, 6 nəfərlik “DN4” komanda heyəti finalda 1-ci yerə layiq görülüb. Onlara mükafatları Prezident İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və türkiyəli alim, Nobel mükafatçısı Əziz Səncər təqdim ediblər.
Bundan əlavə, festivalın digər müsabiqəsində iştirak edən 9-cu sinif şagirdi Ayan Yusifzadə 2-ci, 6-cı sinif şagirdi Muhammed Babakişiyev isə 3-cü yeri tutublar. Onların hər ikisi Texniki və təbiət elmləri liseyində təhsil alır.